ABŞ-nin Sietl şəhərində keçirilən qida festivalında baş verən silahlı insident nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Postxronika.az xəbər verir ki, polis atışmanı törədən iki şübhəlidən birini artıq saxlayıb, digərinin axtarışları isə davam edir.
Atışma yerli vaxtla bazar günü saat 18:00 radələrində şəhərin məşhur turistik məkanlarından olan "Space Needle" qülləsi yaxınlığında baş verib. Hadisə nəticəsində 19 və 44 yaşlı iki kişi, həmçinin 56 yaşlı bir qadın həyatını itirib. Xəstəxanaya yerləşdirilən 4 yaralı arasında 2 yaşlı uşaq da var.
Polis rəsmilərinin məlumatına görə, atışma iki şübhəli arasında olub. Onlardan biri – 15 yaşlı yeniyetmə saxlanılıb və hadisə yerindən iki silah müsadirə edilib. Polisin ehtimalına görə, axtarılan ikinci şübhəli elə ölənlər arasında ola bilər.
Qeyd edək ki, hər il 350 min insanın qatıldığı "Bite of Seattle" festivalının son günündə baş verən hadisə ştat rəsmiləri tərəfindən kəskin pislənilib. Faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq "Space Needle" qülləsindəki ABŞ bayrağı yarıya qədər endirilib.