ABŞ nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın çıxışı zamanı etiraz əlaməti olaraq zalı tərk edib.

Postxronika.az xəbər verir ki, ABŞ-nin BMT yanında səfirinin müavini Den Neqrea bu addımın səbəbini Fransanın Vaşinqvana ünvanladığı tənqidlərlə əlaqələndirib. Onun sözlərinə görə, Paris Şurada mənəvi üstünlük nümayiş etdirməyə və digər ölkələrə Ukrayna münaqişəsi, eləcə də insan hüquqları məsələlərində dərs verməyə çalışır.

Gərginlik BMT Baş Assambleyasında İnsan Hüquqları üzrə Ali Komissar Volker Türkün mandatının daha dörd il uzadılması ilə bağlı keçirilən səsvermədən sonra yaranıb. ABŞ bu qərarın əleyhinə səs verən on ölkədən biri olub.

Bundan sonra Fransanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edərək ABŞ-nin əvvəllər insan hüquqları sahəsində nümunə olduğunu, lakin hazırda bu məsələdə Rusiya, Şimali Koreya, Nikaraqua və Mali ilə eyni mövqedə dayandığını bildirib.

Den Neqrea isə cavabında ABŞ-nin dünyada azadlığın əsas nümunəsi olaraq qaldığını vurğulayıb və Fransanın “hörmətsiz və təkəbbürlü ritorikasından” imtina etməyənə qədər Vaşinqtonun bu cür siyasiləşdirilmiş çıxışları dinləməyəcəyini bəyan edib.

Fransanın BMT yanında daimi nümayəndəsi Jerom Bonnafon isə ölkəsinin insan hüquqlarının, BMT-nin müstəqilliyinin və sülhün qorunmasına sadiq qaldığını bildirib. Fransa diplomatik mənbələri də qeyd ediblər ki, bu məsələdə fikir ayrılığı iki ölkə arasında strateji əməkdaşlığa təsir göstərmir və tərəflər dialoqu davam etdirəcəklər.