“Sabah” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Postxronika.az xəbər verir ki, Bakı təmsilçisi növbəti mərhələdə Danimarkanın “Orhus” komandası ilə qarşılaşacaq.
“Orhus” II təsnifat mərhələsində Polşanın “Lex” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 4:1 hesabı ilə qalib gələn “Lex” cavab matçında eyni hesabla məğlub olub və iki oyunun ümumi nəticəsində bərabərlik yaranıb.
Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Danimarka təmsilçisi 4:3 hesabı ilə üstünlük qazanaraq III təsnifat mərhələsinə yüksəlib və “Sabah”a rəqib olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək. “Sabah” ilk qarşılaşmasını səfərdə keçirəcək.