Özbəkistanda fəaliyyət göstərən 157 milli mədəniyyət mərkəzi və 46 dostluq cəmiyyətinin maddi-texniki bazası gücləndirilib.
Postxronika.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xalqlar Dostluğu Günü münasibətilə xalqa ünvanladığı təbrikdə bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkədə keçirilən milli bayramlar, dostluq axşamları, festivallar və müxtəlif görüşlər Özbəkistanın mədəni kimliyinin formalaşmasında mühüm rol oynayır.
Mirziyoyev qeyd edib ki, Özbəkistanın təhsil müəssisələrində tədris yeddi dildə aparılır, qardaş xalqların dillərində təhsil verən məktəblər dövlət hesabına dərslik və ədəbiyyatla təmin edilir. O, televiziya və radio proqramlarının 12, qəzet və jurnalların isə 14 dildə yayımlandığını vurğulayıb.
Prezident əlavə edib ki, müxtəlif millətlərin nümayəndələri dövlət idarəçiliyi, parlament, elm, mədəniyyət, incəsənət, idman və biznes sahələrində fəal iştirak edir. Onun sözlərinə görə, təxminən 2 min nəfər ölkənin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olunub ki, bu da sosial bərabərlik, ədalət və inklüzivliyin göstəricisidir.
Şavkat Mirziyoyev təbrikində xalqlar arasında dostluğun sülhün, azadlığın və firavan həyatın əsas təminatlarından biri olduğunu vurğulayaraq, Özbəkistanın vahid və həmrəy cəmiyyət kimi inkişaf yolunda inamla irəlilədiyini bildirib.