Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarov ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Postxronika.az xəbər verir ki, Çolpon-Ata şəhərində yerləşən “Ruh Ordo” Mədəniyyət Mərkəzində keçirilən görüşlərdə tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsi və prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Liderlər Özbəkistan-Qırğızıstan münasibətlərinin tarixinin ən yüksək səviyyəsinə çatdığını vurğulayıblar. Bildirilib ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 10 dəfə artaraq ötən ilin sonunda 1,2 milyard dollara yüksəlib, 450 birgə müəssisə yaradılıb və İnkişaf Fondu əməkdaşlıq layihələrinin icrasında fəal rol oynayır.

Görüşdə səfər ərəfəsində Hökumətlərarası Komissiyanın, Biznes Şurasının iclaslarının, biznes forumunun, rektorlar və analitiklərin görüşlərinin, eləcə də Özbəkistan Mədəniyyət Günlərinin uğurla keçirildiyi qeyd olunub.

Tərəflər parlamentlər, hökumətlər, nazirliklər, agentliklər, regional qurumlar, biznes və ekspert dairələri arasında əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəliblər. Danışıqların yekununda Dövlətlərarası Şuranın yaradılması barədə qərar qəbul olunub.

Bundan əlavə, BMT, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü də daxil olmaqla beynəlxalq və regional platformalarda əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.