Rusiyanın Ukraynaya növbəti ballistik raket hücumu Dnepr vilayətində dəhşətli faciəyə səbəb olub. Yaşayış evinin yerlə-yeksan edilməsi nəticəsində eyni ailədən 10 nəfər, o cümlədən uşaqlar dağıntılar altında qalıb.

Postxronika.az  xəbər verir ki, hücum Dnepr vilayətinin Raduşne kəndində qeydə alınıb. Hücumdan dərhal sonra Matviy Voronov adlı şəxs yerli icma qrupunda ümidsizliklə yazıb: "Voronovlar ailəsindən kimsə sağdır? Bəlkə onları görən olub?" Qonşulardan biri isə ona faciəvi reallığı çatdırıb: "Matviy, mən oradaydım. Evin yalnız bünövrəsi qalıb, hamı öldü".

Cümə axşamı günortaya olan məlumata görə, xilasedicilər dağıntılar altından 6 nəfərin cəsədini çıxarıblar. Yerli rəsmilərin ehtimalına görə, hücum anında evdə 10 nəfər olub: 41 yaşlı Olena və 47 yaşlı Artem, onların 7 övladı (17 yaşlı Mark, 15 yaşlı Dominika, 14 yaşlı Viorika, 12 yaşlı Zaxari, 11 yaşlı Azari İlay, 10 yaşlı Federika, 6 yaşlı Emiliya), eləcə də 1,5 yaşlı nəvələri Artem.

Krivoy Roq Hərbi Administrasiyasının rəhbəri Oleksandr Vilkul bildirib ki, Voronovların evinə Rusiyanın Voronej şəhərindən atılan "İsgəndər" ballistik raketi düşüb. 700 kiloqrama qədər partlayıcı daşıyan və səs sürətindən 6-7 dəfə sürətli uçan raket kiçik evi darmadağın edib. Rəsmilər itkin düşən 4 nəfərin axtarışlarını davam etdirsə də, onların sağ qalma ehtimalının çox az olduğunu və cəsədlərin müəyyənləşdirilməsi üçün DNT testinə ehtiyac duyulacağını bildiriblər. Dağıntılar altından yalnız ailənin "Rokki" adlı iti sağ çıxarılıb.

Raduşneyə hücum Rusiyanın kütləvi hava terrorunun bir hissəsi olub. Məlumata görə, həmin gecə Moskva Ukraynanın müxtəlif şəhərlərinə 70-dən çox raket (əksəriyyəti ballistik) və 280 dron atıb. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya uzun müddətdən sonra ilk dəfə Raduşne yaxınlığında Şimali Koreya istehsalı olan ballistik raketdən də istifadə edib.

"Bu müharibə çoxdan bitə bilərdi, lakin Putin bunu istəmir. O, müharibəni davam etdirmək üçün gah Şimali Koreyadan, gah da İrandan silah axtarır", - deyə Zelenski vurğulayıb. Prezident Qərbdən "Patriot" sistemləri istəyərək əlavə edib: "Tərəfdaşlarımız bizə raketləri vurmaq üçün vasitələr versə, Voronovlar kimi ailələr yaşaya bilər".

Rusiya Müdafiə Nazirliyi hücumların yalnız hərbi obyektlərə edildiyini iddia edib. Lakin qonşuları Voronovların dindar, xeyirxah və kənddə hamıya örnək olan bir ailə olduğunu bildiriblər. Məlum olub ki, evdə həyatını itirən 1,5 yaşlı körpə də ailənin Ukrayna ordusunda xidmət edən böyük oğlunun övladıdır.