Bakıda yerləşən “Phigaro Gallery” qalereyasında tanınmış rəssam Soltan Soltanlının 50 illik yubileyinə həsr olunan “Zamanın föqündə” adlı fərdi sərginin açılışı olub.
Postxronika.az xəbər verir ki, sərgidə müəllifin son on il ərzində ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilir.
Ekspozisiyada kətan üzərində yağlı boya ilə işlənmiş 20 rəsm əsəri, karton üzərində hazırlanmış 25-ə yaxın kiçikölçülü rəsm və kağız üzərində 25 qrafik əsər ziyarətçilərə təqdim olunur.
Sərginin konsepsiyası barədə danışan Soltan Soltanlı bildirib ki, yaradıcılığının əsas məqsədi zamanın sınağından çıxacaq, bədii və mənəvi dəyərini uzun illər qoruyacaq əsərlər yaratmaqdır. Onun sözlərinə görə, əsl sənət müəyyən bir dövrlə məhdudlaşmamalı, gələcək nəsillər üçün də öz aktuallığını saxlamalıdır.
Rəssam qeyd edib ki, sərgidə nümayiş olunan bütün əsərlər onun üçün eyni dərəcədə əzizdir və onların hər birində həyata baxışı, taleyi və dərin müşahidələri əks olunub.
Soltan Soltanlı vurğulayıb ki, yaradıcılığının əsas mövzusu həmişə insan olub və incəsənətin mərkəzində məhz insanın mənəvi dünyası dayanır.
Qeyd edək ki, Soltan Soltanlı Azərbaycanı müxtəlif beynəlxalq sərgi, festival və müsabiqələrdə təmsil edir. Onun əsərləri 50-dən çox ölkənin muzey və şəxsi kolleksiyalarında saxlanılır.
Sərgi avqustun 8-dək ziyarətçilərin üzünə açıq olacaq.