Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara məsafə əsaslı xidmətə görə subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib.
Postxronika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Yeni qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Xankəndi şəhərləri, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında fəaliyyət göstərən daşıyıcılara şamil edilir.
Qərara əsasən, subsidiya xidmətin dəyəri ilə təsdiq edilmiş gediş haqqından sərnişin ödənişləri hesabına toplanan vəsait arasında yaranan mənfi fərq əsasında hesablanacaq.
Gediş haqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına köçürüləcək. Subsidiyalar isə Agentlik tərəfindən ayda bir dəfə daşıyıcının təqdim etdiyi hesab-faktura və xidmətlərin qəbul aktı əsasında ödəniləcək.
Sənədə əsasən, təqvim ili başa çatdıqdan sonra Agentlik və daşıyıcılar arasında hesablaşmalar üzləşdiriləcək, artıq və ya çatışmayan ödənişlər isə müəyyən olunmuş müddətlərdə tənzimlənəcək.
Qərarda həmçinin qeyd olunub ki, xidmətin dəyərinə ildə bir dəfə, eləcə də yanacağın qiymətinin dəyişməsi, inflyasiya, vergi və digər xərclərin artması kimi hallarda yenidən baxıla bilər.
Bundan başqa, Prezidentin 19 sentyabr 2025-ci il tarixli fərmanı ilə müəyyən edilmiş yürüş həddini və maksimum istismar müddətini keçmiş avtobusların bu xidmətlərdə istifadəsinə icazə verilməyəcək.
Həmçinin dövlət vəsaiti hesabına alınmış avtobuslar üçün məsafə əsaslı xidmət subsidiyası hesablanarkən kapital xərcləri nəzərə alınmayacaq.