2026-cı ilin ilk beş ayında Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkəsində etdiyi xərclərin əsas hissəsi yenə də ərzaq məhsullarının payına düşüb.
Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 25 milyard 510,7 milyon manatlıq mal satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artıb.
Rəsmi statistikaya görə, satışın 14 milyard 151,8 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 11 milyard 358,9 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ərzaq məhsulları üzrə satış real ifadədə 1,5 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz artıb.
Komitənin hesablamalarına əsasən, istehlakçıların xərclərinin 50,9 faizi ərzaq məhsullarına, 4,6 faizi içkilər və tütün məmulatlarına, 12,8 faizi geyim və ayaqqabıya, 6,4 faizi avtomobil yanacağına, 4,4 faizi elektrik malları və mebelə, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,5 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,5 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.
Hesabatda qeyd olunur ki, pərakəndə ticarət dövriyyəsinin 99,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu da ölkədə istehlak bazarında özəl sektorun üstün mövqeyini qoruduğunu göstərir.