İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib.
Postxronika.az xəbər verir ki, görüşdə “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və dəstəyi Bakı-Tbilisi-Ceyhan və TANAP kimi mühüm layihələrdən sonra elektrik enerjisi sahəsində də yeni təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayır.
Görüş zamanı “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” layihəsi üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) apardığı araşdırmaların nəticələri də nəzərdən keçirilib.