ABŞ hərbçiləri İranın Qeşm adasındakı yaşayış binasına zərbə endirmək üçün özünün ən güclü qeyri-nüvə bombalarından birindən istifadə edib. Cümə axşamı gecə baş verən hücum nəticəsində 3 nəfər həyatını itirib.

Postxronika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri peyk görüntülərinə və ekspert rəylərinə əsaslanaraq məlumat yayıb.

Nəşrin məlumatında bildirilir ki, partlayış nəticəsində yaranan kraterin diametri və sursat qalıqları hücum zamanı 2000 funt (təxminən 907 kq) ağırlığında olan "MK-84" tipli ağır aviabombasından istifadə edildiyini göstərir. Qeyd olunur ki, ətrafda hər hansı hərbi obyektin olduğuna dair heç bir sübut tapmaq mümkün olmayıb və zərbə sıx məskunlaşılan mülki əraziyə endirilib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins NYT-yə açıqlamasında ABŞ hərbi rəhbərliyinin zərbədən xəbərdar olduğunu və məsələni araşdırdığını bildirib. O həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar heç vaxt mülki vətəndaşları hədəf almır.