Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmi yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.
Postxronika.az xəbər verir ki, ekran əsəri bir kursantın baxış bucağından təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır. Film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi yaddaşın qorunması məqsədi daşıyır.
Süjetdə Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimovun həyat yolu fonunda Vətən uğrunda mübarizə aparan nəslin iradəsi və fədakarlığı əks etdirilir.
Bildirilib ki, “44” yalnız müharibədən bəhs edən film deyil, həm də Vətən sevgisi, birlik və azadlıq uğrunda mübarizənin bədii təcəssümüdür.
Ekran əsəri istehsal miqyası, çəkiliş coğrafiyası, texniki imkanları və beynəlxalq əməkdaşlıq baxımından Azərbaycanın ən böyük kino layihələrindən biri hesab olunur.
Filmdə yerli aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.
Qeyd edək ki, filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşa şəhər və rayonlarında aparılıb.