Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
Postxronika.az xəbər verir ki, tədbirdə mərkəzin şagirdləri, müəllimləri və gənclər iştirak ediblər.
Mərkəzin direktoru Çiçək Hüseynova çıxışında Azərbaycan dilinin milli kimliyimizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu bildirib. O, ana dilinin qorunmasının, düzgün istifadəsinin və gələcək nəsillərə sevdirilməsinin vacibliyini vurğulayaraq, bu cür tədbirlərin gənclərdə milli dəyərlərə bağlılığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Tədbir çərçivəsində mərkəzin şagirdi Lalə Zeynalova “Azərbaycan dili və əlifbasının tarixi” mövzusunda təqdimatla çıxış edərək, Azərbaycan əlifbasının inkişaf mərhələləri və ana dilimizin formalaşma tarixi barədə məlumat verib.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Şahverdiyeva isə çıxışında ana dilinin zənginliyinin və saflığının qorunmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan dilinin təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı və milli irsinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra şagirdlər Vətən, ana dili və milli dəyərlərə həsr olunmuş şeirlər səsləndirib, maarifləndirici təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan dilinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.