​“ASAN AI Hub” açıq innovasiya platforması və “ASAN müraciət” informasiya sisteminin birgə əməkdaşlığı çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyənləşib.

Postxronika.az xəbər verir ki, "Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması" mövzusundakı yarışda "Zeka Lab" komandası — Ceyran MirQasım, Rəşad Cəfərov və Bibixanım Babayeva birinci olublar. Ümumilikdə 20 innovativ layihənin təqdim olunduğu müsabiqənin ilkin mərhələsini keçən en yüksək nəticəli 4 kollektivdən yekunda ən yaxşı həlli təklif edən qalib komanda 5000 AZN məbləğində pul mükafatı ilə təltif edilib.

​Bu təşəbbüs “ASAN müraciət” sisteminin süni intellekt vasitəsilə vizual analiz və avtomatik doğrulama imkanlarını yaxşılaşdırmağa xidmət edir. Sözügedən platforma real texnoloji çətinlikləri açıq elan edərək tədqiqatçıları, dövlət, biznes və təhsil mühitini rəqəmsal məkanda bir araya gətirməyi hədəfləyir.