Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.
Postxronika.az xəbər verir ki, avqustun 3-də başlayan və bir həftə davam edəcək yarışda şahmatçılar iki yaş qrupu üzrə mübarizə aparırlar. XI turdan ibarət olimpiadada A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 və daha kiçik yaşlı iştirakçılar qüvvələrini sınayırlar.
Açılış mərasimindən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində Qusar rayonunun tanınmış idmançılarına həsr olunmuş sərgi, əl işləri və toxuculuq nümunələri nümayiş etdirilib. Eyni zamanda milli rəqs və musiqi nömrələri təqdim olunub, “Kavkaz” Robototexnika Məktəbinin hazırladığı mini robotlar iştirakçılara göstərilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında ölkədə idmanın inkişafına göstərilən dövlət dəstəyini vurğulayaraq, belə yarışların bölgələrdə idman ənənələrinin güclənməsinə töhfə verdiyini bildirib.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov isə gələcəyin güclü şahmatçılarının məhz bu cür yarışlarda formalaşdığını qeyd edib.
Açılış mərasimindən sonra Respublika Şahmat Olimpiadasının ilk turunun oyunları keçirilib.