BMT Təhlükəsizlik Şurası təşkilatın növbəti baş katibinin müəyyənləşdirilməsi məqsədilə ilk qeyri-rəsmi səsvermələrə start verəcək.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası avqustun 1-dən qapalı formada keçirilən "straw poll" səsvermələrinə başlayacaq.
Hazırda Argentina, Çili, Kosta-Rika, Ekvador, Qayana, Seneqal və Uqandadan olan yeddi namizəd BMT-nin baş katibi vəzifəsi uğrunda mübarizə aparır. Onlar bu ilin sonunda ikinci beşillik səlahiyyət müddəti başa çatacaq Antonio Quterreşi əvəz etməyə çalışırlar.
Məlumata görə, səsvermə zamanı Təhlükəsizlik Şurasının 15 üzvü hər bir namizəd barədə "dəstəkləyir", "dəstəkləmir" və ya "rəy bildirmir" variantlarından birini seçəcək. Bu mərhələ namizədlərin dəstək səviyyəsini müəyyənləşdirmək üçün keçirilir.
Reuters qeyd edir ki, hazırda yarışda açıq favorit yoxdur və yekun qərarın payız aylarında qəbul ediləcəyi gözlənilir. Konsensus əldə olunmasa, səsvermələr bir neçə mərhələdə davam etdirilə bilər.
Atabəy Abbaszadə