Bakıda mənzil bazarında bahalaşma tendensiyası davam edir. Rəsmi statistika göstərir ki, həm yeni tikili, həm də təkrar mənzil bazarında qiymətlər artmaqda davam edir. Ekspertlər bu tendensiyanı artan tələb, tikinti xərclərinin yüksəlməsi və yeni yaşayış komplekslərinə marağın çoxalması ilə əlaqələndirirlər.

Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda mənzil bazarında qiymətlər əvvəlki illə müqayisədə 12,2 faiz artıb. 2026-cı ilin ilk rübündə isə qiymət artımı davam edərək illik müqayisədə 8,1 faiz təşkil edib. 

Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatında qeyd olunur ki, qiymət artımı əvvəlki dövrlə müqayisədə müəyyən qədər sabitləşsə də, bazarda bahalaşma davam edir. Hesabata görə, yeni tikililərdə qiymətlər illik müqayisədə 12,7 faiz, təkrar mənzil bazarında isə 12,2 faiz yüksəlib. 

Əmlak bazarı üzrə ekspertlərin sözlərinə görə, bahalaşmanın əsas səbəbləri tikinti materiallarının bahalaşması, torpaq sahələrinin qiymətinin yüksəlməsi, ipoteka kreditlərinə tələbin artması və paytaxta daxili miqrasiyanın davam etməsidir. Bundan əlavə, yeni tikililər üzrə təklifin tələbi tam qarşılamaması da qiymətlərə təsir göstərən amillər sırasındadır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun fikrincə, torpaq sahələrinin bahalaşması və tikinti xərclərinin artması daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə birbaşa təsir edir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə hesab edir ki, bazarda tələb yüksək olaraq qaldığı müddətdə qiymətlərdə ciddi ucuzlaşma gözlənilmir. 

Mütəxəssislər hesab edirlər ki, yaxın aylarda da mənzil bazarında qiymətlərin kəskin enməsi gözlənilmir. Əksinə, yeni tikinti layihələrinin maya dəyərinin artması və alıcılıq tələbinin qorunması fonunda bazarda bahalaşma meylinin davam edəcəyi ehtimal olunur.

Nigar Vüqarqızı