Dünya Bankı Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının baş iqtisadçısı İndermit Gill ABŞ və İran arasında münaqişənin daha da genişlənəcəyi təqdirdə qlobal iqtisadi artımın 2026-cı ildə 1,3 faizə qədər geriləyə biləcəyini bildirib.

Onun sözlərinə görə, bu, Dünya Bankının iyun ayında hazırladığı ən mənfi ssenarilərdən biridir. Həmin ssenariyə əsasən, müharibənin altı ay və ya daha uzun müddət davam etməsi qlobal inflyasiyanın 4,5 faizə yüksəlməsinə səbəb ola bilər.

Gill qeyd edib ki, Yaxın Şərqdə neft infrastrukturuna zərər dəyməsi və nəqliyyat marşrutlarının pozulması enerji qiymətlərini artırmaqla yanaşı, kənd təsərrüfatında istifadə olunan gübrə, helium və kükürd tədarükünə də mənfi təsir göstərə bilər. Bu isə ərzaq təhlükəsizliyi ilə bağlı problemləri daha da dərinləşdirə bilər.

Məlumata görə, xüsusilə pandemiyadan sonra iqtisadiyyatını tam bərpa edə bilməyən yoxsul və yüksək borclu ölkələr risk altındadır. Faiz dərəcələrinin yüksəlməsi həmin dövlətlərin təhsil, səhiyyə və digər vacib sahələrə ayırdığı vəsaitin azalmasına gətirib çıxara bilər.

Dünya Bankının hesablamalarına əsasən, aşağı və orta gəlirli ölkələrin təxminən 40 faizi artıq borc böhranı ilə üz-üzədir və ya belə bir risk daşıyır. İndermit Gill bəzi ölkələr üçün fərdi qaydada borcların silinməsinin zəruri ola biləcəyini də istisna etməyib.

Baş iqtisadçı eyni zamanda bildirib ki, inkişaf etməkdə olan ölkələr süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlardan faydalanaraq uzunmüddətli perspektivdə iqtisadi artımlarını sürətləndirə bilərlər.

Atabəy Abbaszadə