Universiteti bitirən minlərlə gənc əmək bazarına daxil olsa da, onların hamısı ixtisasına uyğun iş tapa bilmir. Mütəxəssislər hesab edirlər ki, əmək bazarında tələb olunan peşələrlə ali təhsil müəssisələrində hazırlanan kadrlar arasında hələ də uyğunsuzluq mövcuddur.
Postxronika.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, hazırda əmək bazarında ən çox tələbat satış məsləhətçisi, mühasib, proqramçı, elektrik, qaynaqçı, sürücü, tibb işçisi, müəllim, mühəndis və xidmət sektoru üzrə mütəxəssislərədir.
İş elanları platformalarının son təhlilləri də göstərir ki, informasiya texnologiyaları, maliyyə, logistika, tikinti və səhiyyə sahələri vakansiyaların sayına görə ön sıralarda yer alır.
Əmək bazarı üzrə ekspertlərin fikrincə, işəgötürənlər artıq təkcə diplom deyil, praktik təcrübə, xarici dil biliyi və rəqəmsal bacarıqlara da üstünlük verirlər. Bu səbəbdən bir çox məzun ali təhsil alsa da, ixtisası üzrə iş tapmaqda çətinlik çəkir.
Mütəxəssislər hesab edirlər ki, universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə proqramlarının artırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı gənclərin məşğulluğunun artırılmasına mühüm töhfə verə bilər.
Nigar Vüqarqızı