Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalsa da, valideynlər artıq məktəb alış-verişinə hazırlaşırlar. Dəftərxana ləvazimatları, məktəbli forması, çanta və digər zəruri vasitələr ailə büdcəsinin əsas xərc maddələrinə çevrilir.
Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə istehlak qiymətləri indeksində təhsil və bəzi qeyri-ərzaq məhsulları üzrə artım qeydə alınıb. Bu isə məktəb mövsümü ərəfəsində valideynlərin xərclərinin əvvəlki illərlə müqayisədə daha yüksək olacağını göstərir.
Satıcıların sözlərinə görə, avqust ayından etibarən məktəb məhsullarına tələbat kəskin yüksəlir. Bu səbəbdən bir sıra məhsulların qiymətində artım müşahidə olunur və alış-verişin son günlərə saxlanılması əlavə xərclərə səbəb ola bilər.
Mütəxəssislər valideynlərə məktəb alış-verişini əvvəlcədən planlaşdırmağı, qiymətləri müqayisə etməyi və ehtiyac siyahısı əsasında alış etməyi tövsiyə edirlər. Onların fikrincə, bu yanaşma ailə büdcəsinə düşən yükü qismən azaltmağa kömək edə bilər.