Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Ukraynaya göstərdiyi maliyyə və hərbi dəstəyin həcmini açıqlayıb.

Postxronika.az xəbər verir ki, rəsmi Berlin 2022-ci il fevralın 24-dən indiyədək Ukraynaya ikitərəfli mülki yardım çərçivəsində 43,3 milyard avrodan çox vəsait ayırıb. Bundan əlavə, Ukraynaya 57,6 milyard avro həcmində hərbi dəstək göstərilib və ya qarşıdakı illər üçün maliyyə ayrılıb.

Almaniya hökumətinin məlumatına görə, yardımlar enerji və kritik infrastrukturun bərpası, humanitar dəstək, müdafiə imkanlarının gücləndirilməsi, qaçqınların dəstəklənməsi, iqtisadi sabitliyin qorunması və Ukraynanın uzunmüddətli bərpasını əhatə edir.

Bildirilib ki, Berlin eyni zamanda Ukraynada hüquq sistemi, dövlət idarəçiliyi, səhiyyə, təhsil və elmi əməkdaşlığın inkişafına dəstəyini davam etdirir.

Almaniya hökuməti vurğulayıb ki, Ukraynanın suveren və demokratik dövlət kimi qorunması Avropanın təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır və bu səbəbdən Kiyevə siyasi, iqtisadi və hərbi dəstək davam etdiriləcək.