Xəzər dənizində suyun səviyyəsinin azalması davam edir. Alimlər və rəsmi qurumlar bildirirlər ki, bu proses iqlim dəyişiklikləri ilə yanaşı, dənizi qidalandıran çaylarda su axınının azalması ilə bağlıdır.

Postxronika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 2021–2023-cü illərdə Xəzər dənizinin orta illik səviyyəsi 55 santimetr azalıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, havanın istiləşməsi nəticəsində buxarlanma artır, eyni zamanda Xəzərə tökülən çayların suyu azalır ki, bu da dənizin səviyyəsinin enməsinə səbəb olur.

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri hesab edirlər ki, mövcud tendensiya davam edərsə, Xəzərdə suyun səviyyəsinin azalması 2040-cı ilədək davam edə bilər. Bu isə balıq ehtiyatlarının azalması, sahil ekosistemlərinin dəyişməsi və liman infrastrukturuna mənfi təsir riskini artırır.

Mütəxəssislər Xəzərin qorunması üçün iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin gücləndirilməsinin vacib olduğunu vurğulayırlar.

Nigar Vüqarqızı