Avqustun 15-dən “Bakı Metropoliteni” QSC-də Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.


Postxronika.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, layihənin icrası dövründə “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və “28 May” stansiyası normal iş rejimində fəaliyyət göstərəcək.


Bununla yanaşı, “28 May” – “Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Layihə başa çatana qədər həmin hissədə yeni hərəkət sxemi tətbiq ediləcək və “Dərnəgül” – “Nizami” marşrutu üzrə qatarların hərəkəti təmin olunacaq.


Bəxtiyar Məmmədov bildirib ki, tikinti işlərinin təxminən 10–11 ay davam etməsi planlaşdırılır. Layihə tamamlandıqdan sonra Yaşıl və Qırmızı xətlər tam müstəqil fəaliyyət göstərəcək, sərnişinlər isə xətlər arasında keçid üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər.


Qurumdan bildirilib ki, Qırmızı və Yaşıl xətlərin ayrılması Bakı metrosunun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyan layihələrdən biridir.