Bakı Metropolitenində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin rahat daşınmasını təmin etmək üçün yerüstü ictimai nəqliyyat gücləndiriləcək.

Postxronika.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə 6 ekspress avtobus marşrutunun təşkili planlaşdırılır. Bu marşrutlar Yaşıl xətt üzərində yerləşən əsas metro stansiyalarını Qırmızı xəttin əsas nəqliyyat qovşaqları ilə birləşdirəcək.

Bəxtiyar Məmmədov bildirib ki, ekspress avtobuslarla yanaşı, mövcud müntəzəm avtobus xətlərinə də əlavə nəqliyyat vasitələri cəlb olunacaq. Məqsəd sərnişinlərin metrodan istifadə etmədən şəhərin müxtəlif istiqamətləri arasında rahat hərəkətini təmin etməkdir.

Qurum rəsmisi əlavə edib ki, ekspress avtobusların marşrutları, dayanacaqları və hərəkət intervalları ilə bağlı ətraflı məlumat avqustun 15-dək ictimaiyyətə açıqlanacaq.