Avqustun 5-i saat 18:00-dan etibarən Samux, Şəmkir və Qazax rayonlarının bir sıra yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Postxronika.az xəbər verir ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı aparılacaq işlərdir.

Məlumata görə, işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələri, Yenikənd, Köbər, Qədili, Seyidlər və Sarıqamış kəndləri, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı və Bayramlı kəndləri, eləcə də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı avqustun 20-dək aparılacaq işlər başa çatdıqdan sonra texnoloji rejimlərə uyğun şəkildə mərhələli şəkildə bərpa ediləcək.