Dünyanın ən böyük neft emalı zavodu Səudiyyə Ərəbistanında deyil, Hindistanda yerləşir.
Postxronika.az xəbər verir ki, Hindistanın Qucarat ştatının Camnaqar şəhərində yerləşən neft emalı zavodu ərazisinin 3 min hektardan çox olduğu bildirilir. Müəssisə sutkada təxminən 1,4 milyon barel (ildə təxminən 70 milyon ton) neft emalı gücünə malikdir və bu göstərici ilə dünyanın ən böyük neft emalı kompleksi hesab olunur.
Məlumata görə, zavod Hindistanın ən böyük şirkətlərindən olan Reliance Industries Limited-ə məxsusdur. Müəssisədə istehsal olunan benzin, dizel və aviasiya yanacağı təkcə daxili bazara deyil, dünyanın 100-dən çox ölkəsinə ixrac edilir. Zavodun əsas üstünlüklərindən biri ağır və nisbətən ucuz xam neftdən yüksək keyfiyyətli neft-kimya məhsulları istehsal etməsidir.
Qeyd olunur ki, zavodun ətrafında 100 mindən çox manqo ağacı əkilib və əldə olunan məhsul satışa çıxarılaraq əlavə gəlir mənbəyi yaradılıb.
Camnaqar zavodu 1999-cu ildə istismara verilib. Burada 50 mindən çox işçi çalışır. Müxtəlif illərdə işçilərlə rəhbərlik arasında əmək mübahisələri yaşansa da, onların sosial təminatının yaxşılaşdırılması məqsədilə yaşayış evləri də inşa edilib.
Bununla yanaşı, müəssisə dünyanın ən yüksək istixana qazı emissiyası yaradan neft emalı zavodlarından biri hesab olunur. Beynəlxalq qiymətləndirmələrə görə, zavodun 2022-ci ildə karbon emissiyası 19,76 milyon ton təşkil edib.