Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ana amillərdən biri hərəkət zamanı təhlükəsiz ara məsafəsinin saxlanılmamasıdır.
Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, bu qayda pozuntusu magistral yollarda yüksək sürətlə hərəkət edərkən və şəhərdaxili sıxlıq zamanı ağır fəsadlara gətirib çıxarır.
Ara məsafəsinin yetərli olmaması qarşıdakı avtomobilin qəfil əyləcləməsi, manevr etməsi və ya dayanması zamanı sürücünün reaksiyasını çətinləşdirir. Nəticədə arxadan toqquşma, zəncirvari qəza və idarəetmənin itirilməsi kimi hallar baş verir. Əlverişsiz hava şəraitində isə bu təhlükə daha da artır.
Bildirilib ki, təhlükəsiz interval sabit göstərici deyil; o, sürətdən, yolun vəziyyətindən, görünüşdən və havanın təsirindən asılı olaraq dəyişir. Məsafə elə seçilməlidir ki, istənilən gözlənilməz təhlükə zamanı maşını təhlükəsiz dayandırmaq mümkün olsun.
Yol polisi bütün sürücüləri sükan arxasında diqqətli olmağa, ara məsafəsini qorumağa və məsuliyyətli davranmağa çağırır.