Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev və ətraf yaşayış məntəqələrinə növbəti raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində insan tələfatı və genişmiqyaslı dağıntılar qeydə alınıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında həyata keçirilən hücum zamanı azı 14 nəfər həlak olub, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, raket zərbələri və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində anbarlar, sənaye obyektləri və digər mülki tikililər dağılıb. Xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir.
Kiyev meri Vitali Kliçko bildirib ki, xəsarət alanlar arasında təcili tibbi yardım maşınının sürücüsü də var. Onun sözlərinə görə, dörd nəfərin vəziyyəti ağır olaraq qalır.
Ukrayna hərbi administrasiyası paytaxtın yeddi müxtəlif rayonunun hücuma məruz qaldığını, hava həyəcanı siqnallarının isə bir saatdan artıq davam etdiyini açıqlayıb. Rəsmilər dağıntılar altında insanların qala biləcəyini istisna etmirlər.
Son həftələr Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivliyi daha da artıb. Ekspertlər hesab edirlər ki, bu cür zərbələr münaqişənin yaxın zamanda səngiyəcəyinə dair ümidləri azaldır.
Atabəy Abbaszadə