BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq bazarında yeni qiymət artımlarının qaçılmaz ola biləcəyi barədə xəbərdarlıq edib.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, FAO-nun baş iqtisadçısı Maksimo Toreronun sözlərinə görə, Yaxın Şərqdə davam edən müharibələr, Ukraynadakı hərbi əməliyyatlar və əlverişsiz iqlim şəraiti yaxın aylarda dünya üzrə ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər.

Qurum bildirir ki, ilin əvvəlində ərzaq qiymətləri nisbətən sabit qalsa da, neftin bahalaşması, gübrə çatışmazlığı, dizel yanacağının qiymətinin artması və El-Ninyo hadisəsinin təsirləri ilin sonuna doğru qlobal bazarlara daha ciddi təsir göstərəcək.

Ekspertlərin fikrincə, enerji qiymətlərindəki artım kənd təsərrüfatı istehsalının maya dəyərini yüksəldir, logistika xərclərini artırır və nəticədə ərzaq məhsullarının qiymətlərinə birbaşa təsir edir. Xüsusilə qarğıdalı, buğda və düyü istehsalında azalma riskinin mövcud olduğu bildirilir.

Reuters qeyd edir ki, FAO ərzaq inflyasiyasının istehlak bazarına təsirinin adətən üç-altı ay gecikmə ilə hiss olunduğunu vurğulayır. Analitiklər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, 2027-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər daha da dərinləşə bilər. 

Nigar Şirinova