Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik istehsalı artmaqda davam edir. Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara görə, 2025-ci ildə günəş və külək elektrik stansiyalarında istehsal olunan enerji əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.


Postxronika.az xəbər verir ki, ötən il ölkədə ümumilikdə 28 milyard 657,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.


Bunun 599,8 milyon kilovat-saatı günəş, 169,7 milyon kilovat-saatı isə külək elektrik stansiyalarının payına düşüb. Beləliklə, günəş və külək stansiyalarında ümumilikdə 769,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 162,3 milyon kilovat-saat çoxdur.


Hesabata əsasən, 2025-ci ildə su elektrik stansiyalarında 2 milyard 842,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Beləliklə, bərpa olunan enerji mənbələri üzrə ümumi istehsal 3 milyard 834 milyon kilovat-saata yaxınlaşıb.


Energetika Nazirliyi bildirir ki, ölkədə yaşıl enerji layihələrinin genişləndirilməsi və yeni günəş-külək elektrik stansiyalarının istismara verilməsi bərpa olunan enerji istehsalının artmasına mühüm töhfə verir. Azərbaycan 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağı hədəfləyir.


Nigar Vüqarqızı