Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib.
Postxronika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən açıq məhkəmə iclasında Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər təqsirləndirilən şəxslər tərcüməçi və vəkillərlə təmin olunublar.
İclasda zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində iştirak ediblər.
Məhkəmə apellyasiya şikayətləri üzrə qərarı elan edərək Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan, Levon Mnatsakanyan, Arkadi Qukasyan, David Manukyan, Davit İşxanyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Erik Qazaryan, Vasili Beqlaryan, Levon Balayan, Davit Allahverdiyan və Qurgen Stepanyan barəsində Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin həmin hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.