Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb.
Postxronika.az xəbər verir ki, nazirlər əvvəlcə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialını ziyarət edərək abidə önünə gül dəstəsi qoyublar.
Xatirə şəkli çəkildikdən sonra Ceyhun Bayramov və Andrey Sibiqa arasında təkbətək görüş keçirilib. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.
Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Tərəflər iki ölkə arasında müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti də nəzərdən keçirilib.