Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın regionda mühüm rol oynayan güclü dövlət olduğunu və müharibənin dayandırılması istiqamətində göstərdiyi səylərin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Postxronika.az xəbər verir ki, o, bu fikirləri Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinin sualını cavablandırarkən səsləndirib.
“Azərbaycan inkişaf edən və əhəmiyyətli regional rolunu nümayiş etdirən güclü dövlətdir. Azərbaycanın müharibənin dayandırılması səylərində həm iştirakı, həm də səsi son dərəcədə mühümdür”, – deyə Andrey Sibiqa vurğulayıb.
Nazir Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu qeyd edərək bildirib ki, Azərbaycan biznesi uzun illərdir Ukraynada fəal fəaliyyət göstərir və bu əməkdaşlığın daha da genişləndirilməsi arzu olunur.
Onun sözlərinə görə, Ukrayna Azərbaycan şirkətləri üçün yeni təkliflər paketi hazırlayıb və ölkəsi enerji təchizatının şaxələndirilməsində Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır.
Andrey Sibiqa əlavə edib ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə əməkdaşlığın yaxın gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib.