“Şəfəq-Asiman” dəniz blokunda layihənin növbəti mərhələsinin müəyyənləşdirilməsi üçün əlavə qiymətləndirmə işləri aparılacaq.

Postxronika.az xəbər verir ki, bu barədə bp şirkəti məlumat yayıb.

Bildirilib ki, layihəni irəli aparacaq ən uyğun variantın müəyyən edilməsi məqsədilə blok üzrə əlavə qiymətləndirməyə ehtiyac yaranıb. Bu çərçivədə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması istiqamətində işlər görülür.

Şirkətdən qeyd olunub ki, bu fəaliyyətlərin həyata keçirilməsi üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp həmin dövr ərzində layihənin operatoru olaraq fəaliyyətini davam etdirəcək.

Məlumata görə, hazırda “Şəfəq-Asiman” layihəsində iştirak payları bp – 35 faiz, SOCAR – 35 faiz, Türkiyənin TPAO şirkəti isə 30 faiz təşkil edir. TPAO 2025-ci ilin iyun ayında Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub.