"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətini artırmaq, yüksək tələbatı qarşılamaq və səfərlərin öncədən planlaşdırılmasını asanlaşdırmaq məqsədilə bilet satış müddətini artırır.
Postxronika.az xəbər verir ki, yeni mexanizmə əsasən satış müddəti mərhələli şəkildə genişləndirilir. Artıq sərnişinlər üçün bilet satışı 30 gün deyil, 44 gün öncədən açıqdır. Növbəti günlərdə bu müddət birdəfəlik deyil, pilləli olaraq 90 günə çatdırılacaq.
Bu dəyişiklik sərnişinlərə turizm, işgüzar və şəxsi səfərlərini daha erkən planlaşdırmaq imkanı yaradacaq. Eyni zamanda, ADY sərnişin sıxlığını dəqiq proqnozlaşdıraraq tələbat yarandıqda qatarlara əlavə vaqonların qoşulmasını və operativ qərarların verilməsini təmin edəcək.
Qeyd edək ki, hazırda Bakı–Tbilisi–Bakı xətti üzrə əlavə reysin təşkili istiqamətində də işlər aparılır. Layihənin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları ilə bağlı zəruri texniki və əməliyyat tədbirləri davam etdirilir.