Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə son zamanlar vahid aylıq müavinətin ödənişi ilə bağlı daxil olan müraciətlərə cavab olaraq açıqlama yayılıb.

Postxronika.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlər daha çox valideynlərindən biri “məcburi köçkün” statusu daşımayan şəxslərə ödənişlərin təyin edilməməsi ilə bağlıdır.

​Komitədən bildirilib ki, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün olmayan şəxslərə bu müavinət ödənilmir. Sosial ədalət və ünvanlılıq prinsiplərinə uyğun olaraq, ailədə valideynlərdən biri yerli sakindir sə, həmin ailə mənzil-məişət resurslarından tam məhrum olunmuş sayılmır. Büdcə vəsaitləri yalnız hər iki valideyni köçkün statusu daşıyan ailələrə yönəldilir.

​Məlumata görə, elektron dövlət sistemlərinin çarpaz inteqrasiyası nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır. Eyni zamanda, adına daşınmaz əmlak alan, VÖEN əldə edərək sahibkarlıqla məşğul olan, nikahla statusu dəyişən və ya il ərzində 182 gündən artıq xaricdə yaşayan şəxslərə də müavinətin ödənilməsi hüquqi baxımdan mümkün deyil.

​Qurum bildirib ki, bütün sosial ödənişlər qanunvericiliyin mütləq tələblərinə uyğun şəkildə həyata keçirilir.