Bu gün ölkənin bir sıra ərazilərində planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Postxronika.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə paytaxtda və bəzi bölgələrdə elektrik şəbəkəsində əsaslı təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq, Bakının Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov və Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, həmçinin Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış massivində isə elektrik enerjisinin verilişində saat 09:00-dan 13:00-dək fasilə olacaq.

Suraxanı rayonunun Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsinin bir hissəsində də planlı təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Eyni zamanda, Mingəçevir Elektrik Şəbəkəsinin xidmət ərazisində 6 kV-luq hava xətlərində aparılan təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.