Çin Mərkəzi Bankı iyul ayında qızıl ehtiyatlarını təxminən 19,91 ton artıraraq son 21 ayın ən böyük aylıq alışlarından birini həyata keçirib.
Postxronika.az xəbər verir ki, Çinin Mərkəzi Bankının açıqladığı məlumatlara görə, iyulun sonunda ölkənin qızıl ehtiyatları əvvəlki ayla müqayisədə 640 min unsiya artaraq 76 milyon 80 min unsiyaya çatıb. Bu, 2023-cü ilin oktyabr ayından bəri qeydə alınan ən yüksək aylıq qızıl alışı hesab olunur.
Bundan əvvəl, iyun ayında da ehtiyatlara 480 min unsiya, yəni təxminən 15 ton qızıl əlavə edilmişdi.
Son artımdan sonra Çinin ümumi qızıl ehtiyatları təxminən 2366 tona yüksəlib. Bununla da ölkənin mərkəzi bankı ardıcıl 21-ci aydır qızıl alışını davam etdirir.
Mütəxəssislər bildirirlər ki, son illərdə Çin də daxil olmaqla bir sıra ölkələrin mərkəzi bankları geosiyasi risklər və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda ehtiyatlarını şaxələndirmək məqsədilə qızıl alışlarını artırırlar.