Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşün bir ili tamam olur.
Postxronika.az xəbər verir ki, 2025-ci il avqustun 8-də Ağ Evdə baş tutan görüş zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dövlətlərarası münasibətlərin qurulmasına dair sülh sazişinin razılaşdırılmış mətnini paraflayıb, liderlər isə birgə bəyannamə imzalayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını, sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində işi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.
Bildirilir ki, Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərində hərbi qarşıdurmadan siyasi dialoqa keçid baxımından mühüm mərhələ hesab olunur. Görüşdən sonra regionda nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları yenidən gündəmə gəlib, Cənubi Qafqazda diplomatik normallaşma üçün yeni siyasi platforma formalaşıb.
Məqalədə Prezident İlham Əliyevin səfəri Azərbaycanın mühüm diplomatik uğuru kimi qiymətləndirilir. Qeyd olunur ki, dövlət başçısının irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü ABŞ tərəfindən dəstəklənib və layihəyə sərmayə qoyuluşu ilə bağlı razılıqlar əldə olunub. ABŞ Prezidenti tərəfindən marşrutun simvolik olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlandırılması təklifinin irəli sürüldüyü də vurğulanır.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi James O’Brienin fikirlərinə istinadən qeyd edilir ki, Mərkəzi Asiya ölkələrinin alternativ ixrac marşrutlarına ehtiyacı Azərbaycanın strateji əhəmiyyətini daha da artırır və Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat əlaqələrinin əsas hissələrindən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də xatırladılır. Dövlət başçısı Azərbaycanın illərdir beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində ardıcıl infrastruktur layihələri həyata keçirdiyini, tranzit ölkə olmaq üçün qonşularla əməkdaşlığın vacibliyini vurğulayıb.
Materialda qeyd olunur ki, Vaşinqton Bəyannaməsinə uyğun olaraq Ermənistanın Azərbaycan ərazisindən yükdaşımalar həyata keçirməsinə imkan yaradılıb. Bununla yanaşı, Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu, Araz çayı üzərində Ağbənd–Kəlalə körpüsü və Bakı Limanının genişləndirilməsi kimi layihələrin Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması üçün mühüm əhəmiyyət daşıdığı bildirilir.
Yazıda həmçinin vurğulanır ki, ABŞ-nin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının əsas səbəblərindən biri regionun zəngin nadir yer metalı ehtiyatlarıdır. Bu baxımdan Zəngəzur dəhlizinin həm iqtisadi, həm də geosiyasi əhəmiyyətinin artdığı qeyd edilir.
Məqaləyə əsasən, ABŞ Dövlət Departamenti tərəfindən 402 milyon dollar həcmində “TRIPP+ Enterprise” Fondunun yaradılması və Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsinin iqtisadi-texniki əsaslandırmasının hazırlanması layihəyə verilən strateji əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir.
Sonda bildirilir ki, Rusiya-Ukrayna və İran istiqamətində yaranmış geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Bu marşrutun inkişafı həm ABŞ, həm də Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində dəstəklənir və Orta Dəhlizdə yükdaşımaların 2030-cu ilədək 11 milyon tona çatdırılması hədəflənir. Bu baxımdan ötən il Vaşinqtonda keçirilən görüşün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin güclənməsinə töhfə verdiyi qeyd olunur.