Türkiyənin Malatya vilayətində 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlər nəticəsində zərər görən Malatya Arxeologiya Muzeyi bərpa olunub.

Postxronika.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib. Onun sözlərinə görə, ümumi sahəsi 1350 kvadratmetr olan muzey avqustun 8-də ziyarətçilərin istifadəsinə veriləcək.

Nazir bildirib ki, muzeydə Fəratın yuxarı axını bölgəsində minilliklər boyu formalaşmış mədəniyyətə aid nadir eksponatlar nümayiş etdiriləcək. Ziyarətçilər burada Anadolunun zəngin tarixi irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Mehmet Nuri Ersoy, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Arslantəpə kurqanında aparılan qazıntılar zamanı aşkar edilən tapıntıların sərgiləndiyi xüsusi bölmənin yaradıldığını da qeyd edib.

Qeyd edək ki, Arslantəpə kurqanı Fərat çayından 12 kilometr cənub-qərbdə yerləşən, 30 metr hündürlüyündə arxeoloji ərazidir. Burada aşkarlanan tapıntılar ərazidə eramızdan əvvəl VI minilliyin sonlarından Roma imperiyasının son dövrünədək yaşayışın mövcud olduğunu göstərir.