Çinin paytaxtı Pekində 14 parkda müxtəlif funksiyaları yerinə yetirən robotlar istifadəyə verilib.
Postxronika.az xəbər verir ki, yeni robotlar təmizlik, “ağıllı” patrul, ziyarətçilərə məlumat verilməsi, sularda xilasetmə, yaşıllıqların qorunması və ətraf mühitin monitorinqi kimi vəzifələri icra edir.
Bildirilir ki, Yay Sarayında istifadə olunan təmizlik robotları mobil tətbiq vasitəsilə təmizlənəcək ərazi müəyyən edildikdən cəmi 30 saniyə sonra işə başlayır.
Lazerlə idarə olunan radar (LiDAR) sistemi və çoxsaylı sensorlarla təchiz edilmiş robotlar ətraf mühiti real vaxt rejimində izləyir, tullantıları avtomatik aşkarlayır, yol kənarlarını təmizləyir, su püskürdür və tullantıların həcminə uyğun iş rejimini tənzimləyir. Bundan əlavə, onlar piyadalar və nəqliyyat vasitələrindən avtomatik şəkildə yayınmaq imkanına malikdir.
Jihuayuan parkında isə ağcaqanadlarla mübarizə məqsədilə dörd “ağıllı” robot quraşdırılıb. Bu qurğular insanların nəfəsindən ayrılan karbon qazını (CO₂) təqlid edərək həşəratları cəlb edir və xüsusilə axşam saatlarında izdihamlı ərazilərdə ağcaqanadların sayının azaldılmasına kömək edir.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyalar “ağıllı xidmət” konsepsiyasının gündəlik ictimai həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir.