Baş prokuror Kamran Əliyev avqustun 7-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Postxronika.az xəbər verir ki, səfər çərçivəsində Baş prokuror Laçın Rayon Prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı 16 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən cinayət işlərinin istintaqı, cinayət məlumatlarının araşdırılması, dövlət ittihamının müdafiəsi, eləcə də mülki və sosial məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin araşdırılması və qanunamüvafiq həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Baş prokuror daha sonra Laçın Rayon Prokurorluğunun əməkdaşları ilə görüşərək onların iş şəraiti və xidməti fəaliyyəti ilə tanış olub, fəaliyyətin təşkili və işin keyfiyyətinin artırılması ilə bağlı müzakirələr aparıb.

Səfər çərçivəsində Kamran Əliyev Qubadlı rayonunda Qubadlı Hərbi Prokurorluğu və Qubadlı Rayon Prokurorluğunda yaradılan müasir iş şəraiti ilə də tanış olub. Ona prokurorluq orqanlarının maddi-texniki təminatı, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması istiqamətində görülən işlər barədə məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən prokurorluq əməkdaşları ilə keçirilən görüşdə Kamran Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərinin uğurla davam etdiyini vurğulayıb. O, hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün müasir şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.

Görüşdə Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədov hərbi prokurorluq orqanlarının fəaliyyəti barədə məlumat verib, yeni təyin olunmuş prokurorluq əməkdaşı Fuad Mədətov isə çıxış edərək Qubadlıda xidmət etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

Sonda Baş prokuror əməkdaşların təkliflərini dinləyib, prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, qanunçuluğun möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.