İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Postxronika.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını və Zəfər abidəsini ziyarət edərək ehtiramını ifadə edib.

Səfər zamanı gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Əhməd Dünya Mali ilə geniştərkibli görüş keçirib. Tərəflər gənclər və idman sahələrində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərini müzakirə ediblər.

Görüşün sonunda “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Qeyd edək ki, İran nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda fəaliyyət göstərən bir sıra idman qurğuları ilə də tanışlıq nəzərdə tutulur.