Avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib.

Postxronika.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycan dilinin milli kimliyin, tarixi yaddaşın və mədəni irsin əsas daşıyıcısı olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını daim diqqətdə saxlayır və ana dilinin saflığının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayır.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva isə xarici dil elementlərinin nizamsız istifadəsi və sosial şəbəkələrdə dil normalarının pozulmasının elmi yanaşma tələb etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan ədəbi dilinin qorunması üçün elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti vacibdir.

Konfrans panel sessiya ilə davam edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun professoru Sevinc Əliyeva, Xalq artisti Nurəddin Mehdixanlı və ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva ana dilinin qorunması, təhsilin, medianın və monitorinq mexanizmlərinin bu sahədə rolu barədə çıxış ediblər.

Tədbir müzakirələrlə yekunlaşıb. Konfrans çərçivəsində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini səsləndirib.