Xocalı şəhərində “Xocalı Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
Postxronika.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı, müəllifləri isə professor Mübariz Allahverdiyev, Rüstəm Hacıyev və Dürdanə Əliyevadır.
Bildirilib ki, dörd hissədən ibarət olan nəşrdə Xocalının tarixi, coğrafiyası, memarlıq və arxeoloji abidələri, Xocalı soyqırımı, qurbanların həyat hekayələri, rayonun görkəmli şəxsiyyətləri, eləcə də ilk dəfə olaraq Xocalı bəyləri və onların şəcərələri haqqında məlumatlar yer alıb.
Təqdimatda çıxış edən Səriyyə Müslümqızı ensiklopediyanın üç il ərzində hazırlandığını bildirib.
Milli Məclisin deputatı Elman Məmmədov isə “Xocalı Ensiklopediyası”nın məhz azad Xocalıda təqdim olunmasını qürurverici hadisə kimi qiymətləndirib. O, kitabda Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlərin və tarixi faktların toplanmasının bu irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən digər iştirakçılar da ensiklopediyada Xocalının ziyalıları, ictimai xadimləri və xüsusilə Xocalı bəyləri haqqında təqdim olunan məlumatların oxucular üçün böyük maraq doğuracağını qeyd ediblər.