Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 37 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.
Postxronika.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, xidmətlər Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayan şəhid ailələrini əhatə edir.
Sosial xidmətçilər şəhid ailələrinin evlərinə gedərək ev təsərrüfatı işlərində, əsas tələbat mallarının alınmasında və digər gündəlik ehtiyacların qarşılanmasında onlara dəstək göstərirlər.
Məlumata görə, bu ilin ötən dövrü ərzində Agentlik tərəfindən ümumilikdə 3 528 nəfər tənha ahıl və əlilliyi olan şəxs evdə (səyyar) sosial-məişət xidməti ilə təmin edilib.
Qeyd olunub ki, evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhərində eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlarda isə eyni inzibati ərazi dairəsində yaşamayan, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir.