ABŞ-li tədqiqatçılar süni intellekt vasitəsilə bakteriyaları yoluxduran virusların – bakteriofaqların həyat qabiliyyətli nümunələrini hazırlamağa nail olublar.

Postxronika.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Bildirilib ki, alimlər milyonlarla bakteriofaq genomu əsasında öyrədilmiş “Evo 1” və “Evo 2” adlı genomik süni intellekt modellərindən istifadə ediblər. Bu modellər DNT ardıcıllıqlarını proqnozlaşdıraraq yeni virus genomlarının hazırlanmasına imkan verir.

Tədqiqat çərçivəsində laboratoriyada süni şəkildə yaradılmış 285 virus genomu sınaqdan keçirilib. Onlardan 16-sı həyat qabiliyyətli olub və “Escherichia coli C” bakteriyalarını uğurla yoluxduraraq onların məhvinə səbəb olub.

Araşdırma zamanı yaradılan bəzi virusların təbii analoqlardan əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilib. Xüsusilə “Evo-F2147” adlı bakteriofaq mövcud nümunələrlə müqayisədə yüksək yenilik səviyyəsi nümayiş etdirib.

Tədqiqat müəllifləri qeyd ediblər ki, bu texnologiya gələcəkdə antibiotiklərə davamlı bakteriyalarla mübarizədə yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.

Alimlər, həmçinin vurğulayıblar ki, söhbət yalnız bakteriyaları yoluxduran bakteriofaqlardan gedir. Bu viruslar insanları yoluxdurmur və bütün tədqiqatlar nəzarət olunan laboratoriya şəraitində aparılıb.