Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanan üçtərəfli “Məkkə Müdafiə Sazişi”nin regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib.


Postxronika.az xəbər verir ki, Türkiyə lideri bu barədə Səudiyyə Ərəbistanına işgüzar səfərinin yekunlarına dair sosial şəbəkə paylaşımında qeyd edib.


Ərdoğan vurğulayıb ki, saziş heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və regionda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olan bütün dövlətlər üçün açıqdır.


Onun sözlərinə görə, kollektiv çəkindirmə prinsipi əsasında hazırlanan sənəd təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi üzrə birgə layihələrin həyata keçirilməsi və terrorizmlə mübarizənin gücləndirilməsini nəzərdə tutur. Ərdoğan əlavə edib ki, saziş BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan dövlətlərin özünümüdafiə hüququnu da təsdiqləyir.


Türkiyə Prezidenti, həmçinin Ankaranın xarici siyasətində mühüm yer tutan “Regiona görə məsuliyyət” konsepsiyasına diqqət çəkərək bildirib ki, Türkiyə münaqişələrin dialoq və diplomatiya yolu ilə həllinə sadiq qalacaq və fəaliyyətini beynəlxalq hüququn norma və prinsipləri əsasında davam etdirəcək.


Ərdoğan sonda üçtərəfli müdafiə sazişinin bütövlükdə region üçün faydalı olacağına ümid etdiyini ifadə edib.