Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısı məktubunda 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən və Azərbaycanla Ermənistan arasında sülhün təməlini qoyan görüşün əhəmiyyətini vurğulayıb.

İlham Əliyev bildirib ki, Vaşinqton Zirvə Görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm dönüş nöqtəsi yaradıb. O, Ağ Evdə imzalanan Birgə Bəyannaməni, paraflanan sülh sazişini və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciəti regional sülh üçün əhəmiyyətli addımlar kimi qiymətləndirib.

Prezident həmçinin TRIPP layihəsinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının və təhlükəsizliyin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Məktubda Azərbaycan-Ermənistan münasibətlərində son bir ildə əldə olunan irəliləyişlərə də toxunulub. Bildirilib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanın neft məhsulları, eləcə də üçüncü ölkələrdən taxıl və digər məhsullar Azərbaycan ərazisi ilə Ermənistana ixrac olunmağa başlayıb.

İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin də yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, son bir ildə keçirilən yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edib.

Prezident ABŞ-ın “Azadlığı Müdafiə Aktı”nın 907-ci düzəlişinin tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı qərarını da tarixi ədalətin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirib.

İlham Əliyev məktubunda Azərbaycan-ABŞ əlaqələrinin 34 illik diplomatik münasibətlər tarixində ən yüksək səviyyəyə çatdığını bildirərək, strateji tərəfdaşlığın inkişafında Donald Trampa təşəkkürünü ifadə edib.