Google yeni Pixel smartfonlarının təqdimat tarixini açıqlayıb.

Postxronika.az xəbər verir ki, şirkətin “Made by Google” tədbiri avqustun 12-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Tədbirdə Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL və Pixel 11 Pro Fold modellərinin təqdim olunacağı gözlənilir. 

Google Store-da yayımlanan məlumatda da yeni Pixel cihazlarının təqdimatı və ön sifarişlərin avqustun 12-də başlayacağı göstərilir. Şirkət həmçinin yeni nəsil cihazlarda “Gemini Intelligence” yeniliklərini önə çıxarır. 

Pixel 11 seriyası ilə bağlı yayılan məlumatlara görə, yeni modellərdə Tensor G6 prosessorunun, təkmilləşdirilmiş kamera sisteminin və “Pixel Glow” adlı yeni işıqlandırma elementinin istifadəsi gözlənilir. Bu xüsusiyyətlər hələ tam olaraq Google tərəfindən təsdiqlənməyib.

Bəzi sızmalarda seriyanın başlanğıc qiymətinin 899 dollar olacağı və 128 GB yaddaş variantının 256 GB ilə əvəzlənə biləcəyi iddia edilir. Şirkət bu məlumatları rəsmi olaraq təsdiqləməyib. 

Nigar Vüqarqızı